Test

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Aİ–Azərbaycan: 30 illik tərəfdaşlıq” mövzusunda keçirilən “Avropa Şəhərciyi – 2026” tədbiri çərçivəsində Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Mariyana Kuyundziç və 16 üzv dövlətin diplomatları ilə görüşüb.

Görüşdə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi ilə yanaşı, Bolqarıstan, Xorvatiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, Latviya, Litva, Niderland, Polşa, Rumıniya, Slovakiya, İspaniya və İsveçin Azərbaycandakı səfirləri, həmçinin Belçika, Çexiya və İspaniyanın diplomatları, eləcə də Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları iştirak ediblər.

Niyazi Bayramov rəsmi qonaqları salamlayaraq Gəncənin tarixi, mədəni, sənaye və iqtisadi potensialı barədə ətraflı məlumat verib. O bildirib ki, Gəncə 2016-cı ildə Avropanın Gənclər Paytaxtı, 2017-ci ildə MDB-nin Mədəniyyət Paytaxtı, 2019-cu ildə Avropanın İdman Şəhəri seçilib, 2025-ci ildə isə MDB-nin İdman Paytaxtı tituluna sahib olub.

Görüş zamanı qeyd olunub ki, Gəncə Azərbaycanın ikinci böyük sənaye şəhəridir və burada Beynəlxalq Hava Limanı fəaliyyət göstərir. Şəhərdə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi, “Azəralüminium” MMC, “Gəncə Şərab-2” ASC kimi iri sənaye müəssisələri yerləşir. Bununla yanaşı, şəhərdə üç universitet, üç kollec və bir sıra mədəniyyət müəssisələri də mövcuddur.

Səmimi qəbula görə təşəkkürünü bildirən xanım Mariyana Kuyundziç qeyd edib ki, “Avropa Şəhərciyi – 2026” tədbiri ictimaiyyətə Avropa İttifaqı, onun dəyərləri və fəaliyyəti, eləcə də Azərbaycanla 30 illik əməkdaşlıq və tərəfdaşlıq münasibətləri haqqında daha geniş məlumat əldə etmək imkanı yaradacaq. O vurğulayıb ki, bu, Gəncədə keçirilən ikinci “Avropa Şəhərciyi” tədbiridir. İlk dəfə bu tədbir 2016-cı ildə Gəncənin Avropanın Gənclər Paytaxtı elan olunması münasibətilə təşkil edilib.

Xanım Mariyana Kuyundziç həmçinin bildirib ki, Avropa İttifaqı tərəfindən 1996-cı ildən etibarən kənd təsərrüfatı, biznesin inkişafı, səhiyyə, təhsil, ətraf mühit və digər sahələrdə Azərbaycan xalqının rifahına xidmət edən yüzlərlə layihə həyata keçirilib.

Görüşdə o da qeyd olunub ki, 2020-ci ildə Gəncə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) “Yaşıl Şəhərlər” proqramına qoşularaq Azərbaycanın bu təşəbbüsə daxil olan ilk şəhəri olub. Proqram çərçivəsində şəhər üçün “Yaşıl Şəhər” Fəaliyyət Planı hazırlanıb və ətraf mühitin yaxşılaşdırılmasına yönəlmiş bir sıra layihələrin icrasına başlanılıb.

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından və investorlarından biridir və tərəfdaşlıq əlaqələrinin bundan sonra da inkişaf etdirilməsi istiqamətində səylər davam etdiriləcək.

Görüşün sonunda Səfir Mariyana Kuyundziç tədbirin yüksək səviyyədə təşkilinə göstərilən dəstəyə görə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova təşəkkürünü bildirib.

Sonda xatirə şəkli çəkdirilib.

Önceki Haber Niyazi Bayramov Tbilisi Şəhər Bələdiyyə Məclisinin Sədri Və Şəhərin Vitse-meri İlə Görüşüb
Sonraki Haber Gəncədə Küçə Ticarətinə Qarşı Monitorinqlər Davam Edir

Yorum Yap