Test

AMEA Gəncə Bölməsinin təşkilatçılığı ilə Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə “Gəncə incəsənəti” Respublika elmi konfransı baş tutub. Tədbir iştirakçıları əvvəlcə mövzuya dair sərgi ilə tanış olublar.

Konfrans Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb, daha sonra Gəncənin tarixi abidələri haqqında videoçarx nümayiş olunub.

Açılışda AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə keçirilən bu elmi görüşün əhəmiyyətini vurğulayıb. O bildirib ki, Gəncənin zəngin incəsənət ənənələrinin araşdırılması istiqamətində “Gəncə incəsənəti” adlı monoqrafiya hazırlanır. Akademik Fuad Əliyev onu da qeyd edib ki, Prezident İlham Əliyevin ölkəmizin hərtərəfli inkişafı, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində imzaladığı Sərəncamlara uyğun olaraq AMEA-nın Gəncə Bölməsində elmi forumlar və konfranslar keçirilir, monoqrafiyalar nəşr olunur.

Sonra plenar iclasda məruzələr dinlənilib.

Plenar iclasda AMEA Gəncə Bölməsi Diyarşünaslıq İnstitutu Etnoqrafiya şöbəsinin müdiri, ADAU-nun dosenti, tarix üzrə fəlsəfə doktoru Samirə Qasımova “XIX əsrin ortaları – XX əsrin əvvəllərində Gəncədə bəzi dekorativ-tətbiqi sənət növlərinin inkişafı”, Azərbaycan Milli Konservaoriyasının professoru, sənətşünaslıq elmləri doktoru Abbasqulu Nəcəfzadə “Akademik Üzeyir Hacıbəylinin Gəncə musiqi mədəniyyətində rolu və musiqi folklorşünaslığına dair”, AMEA Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov “Nizami Gəncəvinin musiqi dünyasının Üzeyir Hacıbəyli yaradıcılığında təcəssümü”, Gəncə Dövlət Universitetinin dosenti Nərgiz Rəsulova “Üzeyir Hacıbəyli – milli azadlıq düşüncəsinin söz və musiqi ilə ifadəsi”, ADMİU-nun dissertantı Məhbarə Abbasova isə “Modernist yanaşmalar və şəhər obrazı: Gəncə müasir rəssamların yaradıcılığında” mövzularında məruzə ilə çıxış ediblər.

Digər alim və mütəxəssislər də Gəncə şəhərinin musiqi, memarlıq, heykəltəraşlıq, xalçaçılıq və tətbiqi-dekorativ sənət sahələrinə dair təqdimatlarını səsləndiriblər. Üzeyir Hacıbəylinin Gəncə mədəniyyətində rolu, milli musiqi təhsilinə və maarifçiliyə xidmətləri xüsusi vurğulanıb.

Konfrans “Azərbaycan mədəniyyətinin inkişaf tarixi”, “Gəncə memarlığı və tarixi abidələrin mühafizəsi”, “Milli-mənəvi dəyərlərin qorunmasında sənətkarlığın rolu” və “Üzeyir Hacıbəyli və Gəncə musiqi mədəniyyəti” bölmələri üzrə davam etdirilib.

Məruzəçilərə sertifikatlar təqdim olunub, qəbul edilən elmi məqalələr isə ayrıca kitab şəklində nəşr edilib.

Qeyd edək ki, elmi forumda Bakı, Gəncə, Sumqayıt və Ağcabədi şəhərlərindən alim və tədqiqatçılar iştirak ediblər.

Önceki Haber Azərbaycan Ordusunun Qarabağda Keçirdiyi Lokal Xarakterli Antiterror Tədbirlərindən İki İl Ötür
Sonraki Haber Gəncədə Üzeyir Hacıbəylinin 140 İlliyinə Həsr Olunmuş Konsert Keçirilib

Yorum Yap