Test

Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov 2024/2025-ci tədris ilində şəhərin ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan məzunlarla görüşüb. Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, eləcə də Gəncə şəhər icra hakimiyyəti başçısı aparatının əməkdaşları iştirak ediblər.

Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov məzunları təbrik edərək bildirib ki, bu uğurlar ilk növbədə şagirdlərin şəxsi zəhmətinin nəticəsidir. Bununla yanaşı, müəllimlərin gərgin əməyi, valideynlərin dəstəyi və təhsil sahəsində görülən işlər də bu nailiyyətlərdə mühüm rol oynayıb. “Bu gün burada toplaşmağımızın səbəbi Gəncəmizin fəxri sayılan gənclərimizin uğurlarını paylaşmaqdır. Siz qazandığınız nəticələrlə yalnız öz ailələrinizə deyil, bütün şəhərimizə sevinc bəxş etdiniz. Bu nailiyyətlər dövlətimizin təhsilə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. İnanıram ki, siz gələcəkdə də bilik və bacarıqlarınızla ölkəmizə xidmət edəcək, Azərbaycanın daha da güclənməsi yolunda öz sözünüzü deyəcəksiniz”, - deyə şəhər rəhbəri qeyd edib.

YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov da məzunları təbrik edərək onların nümunəvi gənclər olduğunu vurğulayıb: “Siz gənclər Azərbaycanın sabahısınız. Dövlətimizin təhsilə göstərdiyi diqqət və qayğı nəticəsində bu gün gənclərimiz yüksək bilik və bacarıqlara yiyələnirlər. Əminəm ki, siz ali məktəblərdə də uğurla təhsil alacaq, gələcəkdə Azərbaycanın inkişafına öz töhfələrinizi verəcəksiniz”.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov 2024/2025-ci tədris ilində əldə olunan uğurlardan danışaraq bildirib ki, Gəncə şəhəri üzrə respublikanın ali təhsil müəssisələrinə qəbul olunanların sayı 1600-dən çox olub. Onun sözlərinə görə, bu göstərici şəhər üzrə məzunların ümumi sayının 55,3 faizini təşkil edir ki, bu da əvvəlki illərlə müqayisədə müsbət dinamikanın göstəricisidir. Eyni zamanda Elçin Kərimov qeyd edib ki, bu il Gəncə məktəblərinin 101 məzunu qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq yüksək nəticə göstərib. Bu isə həm şagirdlərin fərdi zəhmətinin, həm də müəllimlərin peşəkarlığının və məktəblərdə tədris prosesinin keyfiyyətinin göstəricisidir.

Görüşün sonunda məzunlarla səmimi söhbət aparılıb, onların arzuları və gələcək planları dinlənilib. Tələbə adını qazanan abiturientlərə xatirə şəkli çəkdirilib, hədiyyələr təqdim olunub. Onlar dövlətin gənclərə göstərdiyi dəstəyə görə minnətdarlıqlarını bildiriblər.

Önceki Haber Gəncədə Pərakəndə Ticarət Hallarının Geniş Yayıldığı Ərazilərdə Reydlər Davam Etdirilir
Sonraki Haber Dim Gəncədə Dövlət Qulluqçuları Üçün Təlimlərə Başlayıb

Yorum Yap