Test

Gəncə Şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın növbəti iclası keçirilib. İclas Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamına əsasən 2026-cı ilin yanvar ayından fəaliyyətə başlayan yeni tərkibin iştirakı ilə baş tutub.

Qeyd olunub ki, Prezident İlham Əliyevin 17 fevral 2025-ci il tarixli 334 nömrəli Fərmanına əsasən “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar”ın adı dəyişdirilərək “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar” adlandırılıb. Bununla yanaşı, komissiyaların funksiyaları genişləndirilib, yeni vəzifə və səlahiyyətlər müəyyən edilib, həmçinin Qəyyumluq və Himayəçilik Komissiyasının uşaqlarla bağlı bütün funksiyaları bu quruma həvalə olunub.

İclas zamanı Komissiyanın qarşısında duran vəzifələr, daxil olan müraciətlərin operativ və obyektiv araşdırılması, qəbul edilən qərarların icrasına nəzarət məsələləri müzakirə edilib.

Gündəliyə ümumilikdə yetkinlik yaşına çatmayanların hüquq və mənafelərinin qorunması ilə bağlı çoxsaylı məsələlər daxil edilib. Müzakirələr zamanı məktəblilər arasında intihara və cinayətkarlığa meyllilik hallarının artması, sosial şəbəkələrin yaratdığı risklərin qarşısının alınması istiqamətində görüləcək tədbirlər, eləcə də xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilmə ilə bağlı materiala baxılıb.

Bununla yanaşı, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar üzərində qəyyum və himayəçi təyin edilməsi, yetkinlik yaşına çatmayanlara məxsus əmlakın özgəninkiləşdirilməsi və icarəyə verilməsi ilə bağlı müraciətlər nəzərdən keçirilib, həmçinin azyaşlıların adlarının dəyişdirilməsi barədə müraciətlərə baxılıb.

Eyni zamanda, məhkəmələrin qərardadlarına əsasən nikahın pozulması, uşaqların kimin himayəsində saxlanılması, aliment tələbi və uşaqla ünsiyyət hüququnun təmin edilməsi ilə bağlı mülki işlər üzrə komissiyanın rəylərinin hazırlanması məsələləri də gündəlikdə yer alıb.

Gündəliyə daxil edilmiş məsələlər ətrafında geniş müzakirələr aparılıb, üzvlər tərəfindən həyata keçirilmiş araşdırmalar və təqdim olunmuş təsdiqedici sənədlər nəzərdən keçirilib.

İclasın yekununda müzakirə olunan məsələlər üzrə müvafiq qərarlar qəbul olunaraq icrası üçün aidiyyəti qurumlara göndərilməsi qərara alınıb.

Önceki Haber Niyazi Bayramov Növbəti Dəfə Sakinlərlə Görüşüb
Sonraki Haber Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Növbəti Sosial Layihəyə Start Verib

Yorum Yap