Test

Gəncə şəhərində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin layihəsi əsasında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin region nümayəndələri və fəalları ilə görüş keçirilib. Görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndələri iştirak ediblər. Görüş zamanı yeni seçilmiş nümayəndə və fəallarla tanışlıq aparılıb, onların fəaliyyəti və təşəbbüsləri barədə fikir mübadiləsi edilib.

Həmçinin 2026-cı il üzrə Uşaq Səfirlər Məclisinin Tədbirlər Planı müzakirə olunaraq prioritet istiqamətlər və nəzərdə tutulan layihələr barədə məlumat verilib. Bildirilib ki, “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş tədbirlərin regionlarda təşkili, həmçinin Uşaq Səfirlər Məclisinin region nümayəndələrinin əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır.

Tədbirlər Planına uyğun olaraq milli dəyərlərin təbliği, uşaqların müzakirə və qərarvermə proseslərinə cəlb olunması, erkən nikahın və zərərli vərdişlərin qarşısının alınması, sağlam həyat tərzinin təşviqi və tanınmış şəxslərlə görüşlərin təşkili istiqamətində layihələrin icrası planlaşdırılıb. Eyni zamanda uşaq müəssisələri və ahıllar evlərində görüşlərin keçirilməsi, uşaqların liderlik, təqdimat və layihə yazma bacarıqlarının inkişafı, valideynlərlə görüşlər, kitab müzakirələri və intellektual oyunların təşkili nəzərdə tutulur.

Bundan əlavə, sosial şəbəkələrdə maarifləndirici məzmunun hazırlanması və Uşaq Səfirlər Məclisinin fəaliyyətinin ictimailəşdirilməsi məqsədilə təşviqat işlərinin gücləndirilməsi planlaşdırılır. Görüş iştirakçıları bu tədbirlərin uşaqların hüquqlarının müdafiəsi və fəal vətəndaş mövqeyinin formalaşdırılması baxımından əhəmiyyətini vurğulayıblar.

Önceki Haber Gəncədə Ramazan Ayının Başlanması İlə Bağlı Maarifləndirici Tədbirlər Keçirilib
Sonraki Haber Gəncədə Qanunsuz Tikililərə Qarşı Monitorinqlər Davam Etdirilir

Yorum Yap